Ailədə autizmli uşaqların digər övladlara təsiri

Autizm spektr pozuntusu olan uşaqların bacı-qardaşlarının psixologiyasına müsbət və mənfi təsirləri.

Çox vaxt uşağına autizm spektr pozuntusu diaqnozu qoyulan ailə böyük bir şok yaşayır və yenicə diaqnoz qoyulmuş autik uşağa görə həyat tərzini dəyişməyə başlayır.Məsələn,valideynlərdən biri autik uşağın qayğısına qalmaq üçün  tez-tez uşaqla evdə qalır,digər bacı-qardaşlar kiçik köməkçi rolunu yerinə yetirməyə başlayırlar və digər valideyn isə ailənin hər ehtiyaclarını təmin etməyə çalışır. Xəstə uşağının problemlərinə hədəflənmiş valideynlər sağlam uşaqlarına qarşı laqeyd davranırlar.Valideynlərin autik uşağa olan aşırı qayğısı normal inkişaf edən uşaqlarda imtina edilmişlik hissi yaradır,amma onlar “kiçik ana” və “kiçik ata” rolunu öz üzərlərinə götürüb vaxtından əvvəl böyüyürlər.Bəzən “xüsusi uşaq” olan ailələrdə normal inkişaf edən uşağa olan gözləntilər daha çox olur.Beləliklə, sağlam uşaqlar məsuliyyət götürməyi özlərinə borc bilib valideynlərinə dəstək olurlar.

Bir sıra müəlliflər (D.J. Meyer, P.F. Vadasi, 1996) “xüsusi uşaq” olan ailələrdə tipik inkişaf edən uşaqlarda müəyyən emosional reaksiyalara diqqət yetirirlər: qəzəb, nalayiqlik, günahkarlıq, qısqanclıq, qardaşına və ya bacısına görə utanmaq, təklik hissi və başqaları.       

Ailə vəziyyəti normal inkişaf edən bacı-qardaşların  maraqlarından imtina etmələrinə, başqalarının ehtiyaclarını daha yüksək səviyyəyə qoymalarına səbəb ola bilər. Xüsusilə sağlam uşağın autizm spektr pozuntusu olan qardaş və ya bacısına daimi qayğı göstərməsi, gələcəkdə onun seçəcəyi peşənin insanlara kömək edən sahə ilə bağlı olmasına səbəb ola bilər. (Meyer, Vadasi, 1996). Unutmamaq lazımdır ki,ailədə nə qədər böyük çətinlik olursa olsun hər uşağın öz uşaqlığını normal yaşamağa haqqı var. 

Nəzərli Adilə (BDU, bakalavr)

Digər məqalələr

WhatsApp Zəng et