Loqopediya

Loqopediya-nitq inkişafı zamanı əmələ gələn  qüsurların aradan qaldırılması və qarşısının alınması ilə məşğul olan pedaqoji elm sahəsidir. Nitq insana məxsus olan ali psixi funksiyadır. O,uşağın bütün psixi həyatında mühüm rol oynayaraq onda əsas idrak proseslərinin formalaşmasına şərait yaradır.Sözsüz ki, uşağın nitq inkişafında baş verən pozğunluq – onun bütün psixi proseslərinin formalaşmasına çox böyük mənfi təsir göstərə bilər. Bu pozulmalar nəticəsində ətraf mühitdə ünsiyyət yaratmaq çətinliyi ilə yanaşı, idrak proseslərinin düzgün formalaşmaması, bilik, bacarıq və vərdişlərinin qavranılmasında ciddi qüsurlar əmələ gəlir.Bütün bunlar da uşağı ən vacib vasitədən – özünütəsirlənmədən məhrum edir, onda davranış dəyişmələri, neqativizm, inamsızlıq yaradır. Nitq qüsurlarının aradan qaldırılması və  qarşısının alınması şəxsiyyətin harmonik inkişafına kömək edərək, bilikləri qazanmaq üçün mövcud maneələri aradan qaldırır.

Buna görə də loqopediya defektologiyanın bir sahəsi olub eyni zamanda ümumpedaqoji vəzifələrin həyata keçməsinə kömək edir. Nitq inkişafı qüsurları anlayışı təkcə şifahi nitqlə məhdudlaşmayıb, onun yazılı formasına da aid edilir.Bu sahə nitqdə baş verən dəyişmələri onun yaşla əlaqədar dəyişmələrindən fərqləndirir. Belə ki, müəyyən yaşa qədər səslərin səhv tələffüzü, lüğətin azlığı, cümlənin düzgün qurulmaması, dilə yiyələnmə prosesində normal sayılaraq fizioloji hadisə kimi qiymətləndirilir. Bu hadisəni nitq inkişafının patologiyası ilə qarışdırmaq olmaz.

Loqopediyanın əsas vəzifəsi nitqi qüsurlu uşaqların xüsusi təlim – tərbiyə qanunauyğunluqlarını təqdim etməkdir. Bu məqsədlə nitq qüsurlarının yaranması və səbəbləri, xarakter və strukturu açıqlanmalıdır. Əldə edilən nəticələrdən isə nitq qüsurlarının müxtəlif formalarını elmi şəkildə əsaslandırılmış vasitə və üsullarla aradan qaldırmaq yolları işləyib hazırlamaq üçün istifadə edilir. Və son olaraq isə çox geniş bir sahəni əhatə edən loqopediyanın məktəbəqədər, məktəb və yaşlılar loqopediyası hissələrindən ibarət olduğunu bildirməliyik.Bu isə bizdə bu sahənin nəinki,məktəbəqədər və məktəb yaşlı uşaqlarda korreksiyanın aparılması o cümlədən də,yaşlılarda hər hansı parezlərdən və ya əməliyyat zamanı səs tellərinin zədələnməsindən əmələ gələn nitq pozulmalarını aradan qaldırdığı fikrini əsaslandırır.

Quliyeva Pərvin (ADPU,II kurs magistrant)

Digər məqalələr

WhatsApp Zəng et